2016-cı ildə Qoşa qala qapıları yaxınlığında olan yeraltı hamamda arxeoloji qazıntı və təmizləmə işləri aparılmışdır. Yeraltı hamam, XVII əsrin əvvəllərinə aiddir.
1806-cı ildə Bakı xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra hamamın günbəzləri sökülmüş, əmələ gəlmiş boşluqlar təsərrüfat tullantıları ilə doldurulmuşdur. Həmin əraziyə torpaq tökülərək abidənin üstündə rus əsgərləri üçün hərbi komendatura binaları tikilmişdir.
2015-ci ildə bu binalar sökülmüş və 2016-cı ildən abidənin ərazisində arxeoloji kəşfiyyat və qazıntı, 2018– 2019-cu illərdə isə konservasiya-bərpa işləri həyata keçirilmişdir. Ölkə əhəmiyyətli abidənin əvvəlki görünüşünün bərpası 2019-cu ilin dekabr ayında başa çatdırılmışdır. Hamam kompleksinin təxminən 340 m² sahəni əhatə edən ərazisindən aşkar olunmuş arxeoloji tapıntılar, əsasən, keramika məmulatlarından, şüşə, saxsı qırıqları, külli miqdarda qara çıraqlardan, tunc ikonalar, skladenlər, mis və gümüş pullardan ibarətdir.