Ana səhifəl / Muzeylər və ekspozisiyalar / Muzeylər / Şirvanşahlar Sarayı Kompleksi

Şirvanşahlar Sarayı Kompleksi

İçərişəhərin Qərb qapısından daxil olan kimi Şirvanşahlar Sarayı minarə və günbəzlərinin əzəmətli ilə diqqətinizi çəkəcəkdir. Şirvan hökmdarlarının iqamətgahı olan  Şirvanşahlar Sarayı, qədim şəhərdə dominant rol oynayır.

VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının ağıllı və düzgün siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında əvəzsiz rol oynamışdır. 1191-ci ilədək Şamaxı şəhərində yerləşən paytaxt güclü zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvan dövlətinin iqamətgahı Bakı şəhərinə köçürülmüş və Saray binasının inşasına başlanılmışdır.

Divanxana

Əzəmətli və təmtəraqlı Divanxana yüksək kürsü üzərində  5 tərəfdən tağlı eyvanla əhatə edilmiş, səkkiz guşəli rotondalarla inşa olunmuşdur. Divanxananın giriş portalı, daş üzərində həkk edilmiş mürəkkəb naxışlarla zəngindir, girişin sağ və sol tərəflərində oyuqların üzərində isə zərif toxumaya bənzər bəzəklər salınmış, Azərbaycanın florasından götürülmüş yarpaqlar təsvir edilmişdir.

Portalın çərçivəsində hər iki tərəfdən yerləşdirilmiş 6 guşəli xonçaların üzərində qədim kufi xətti ilə islam dininin ayələri  həkk edilmişdir. Sol xonçada “Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın elçisidir, Əli Allahın yaxın adamıdır”, Sağ xonçada  isə “Allah təkdir”  Məhəmməd “ sözləri yazılmışdır.

Murad darvazası

Kompleksin şərq tərəfində, orta həyətdə XVI əsrə aid yeganə tikili olan Murad darvazası yerləşir. Ancaq portaldan ibarət olan tikilinin fasad tərəfinə həkk edilmiş kitabədə deyilir: “Bu nəcib binanı tikməyi ədalətli və əzəmətli Sultan Muradxanın vaxtında 994-cü ildə Ulu Rəcəb-baba-Bakuvi əmr etmişdir”. Eyni daş növü ilə tikilmiş, eyni cür bəzədilmiş  stalaktit kəmərli yarımdairə formalı Portal ansamblın digər portallarına çox oxşayır. Lakin giriş oyuğunun ölçü və forması, kitabələrin yerləşdirilmə xüsusiyyətləri və hissələr arasındakı mütənasiblik onu başqa portallardan fərqləndirir.

Ovdan

Saray ərazisinə yaxın, kompleksin hasarı boyunca şimaldan qərbə tərəf olan  istiqamətdə  yer altı bulaq sularının yığıb saxlanılması üçün xeyli dərində tikilmiş yeraltı su anbarı-ovdan vardır. Su ovdana kəhrizlər vasitəsilə daxil olur buradan isə  Şah hamamına  verilirdi.

Saray ovdanı Abşeronda  ən yaxşı içməli suyu olan ən iri ovdanlardan sayılırdı. Nisbətən kiçik portalı olan ovdandan aşağıya pillələr enirdi. Azərbaycanın başqa ovdanlarında olduğu kimi, saray ovdanında da bəzəklərə deyil, möhkəmlik üçün  daş işlərinə daha çox fikir verilmişdi.

Şah hamamı

Uzun müddət torpaq altında qalmış hamam, 1936-cı ildə qazıntı işləri zamanı aşkar olmuşdur. Bütün Şərq ölkələrində olduğu kimi, qışda istiliyin, yayda isə sərinliyin tənzimlənməsi üçün  hamam yerin altında tikilmişdir.

Xaricdən ancaq giriş portalı və günbəzləri görünən hamamın içərisinə işıq günbəzdəki yarıqlardan düşürdü. Tikilinin memarlıq quruluşu diqqəti cəlb edir. Soyunma və yuyunma üçün nəzərdə tutulmuş otaqlar arasında əlaqə olduqca məharətlə düşünülmüşdür. Hamamın qızdırıcı sistemi də çox maraqlıdır.

Şah Məscidi

 Şahın ailə türbəsinin cənub tərəfində  uca minarəsi olan məscid yerləşir. Minarənin yuxarısında kiçik eyvan vardır ki, müəzzin gündə bir neçə dəfə buraya qalxaraq, möminləri ibadətə çağırarmış. XV əsrə aid saray məscidinin 3 qapısı vardır. Şimal tərəfdəki əsas qapı portalı ilə fərqlənir. Məscidin orta həyət tərəfdən açılan qapısının portalı daha sadədir, qərb tərəfdəki qapı isə tamam portalsızdır. Məscidin bəzəyi çox sadədir, hamar divarında daş şəbəkəli kiçik pəncərələr və çıraq qoymaq üçün taxçaları vardır.

Seyid Yəhya Bakuvinin türbəsi

Şirvanşah I Xəlilullahın vaxtında yaşamış saray  şairi və alimi olmuş  Seyid Yəhya Bakuvinin 8 guşəli türbəsi II həyətdə yerləşir.  O dövrdə Seyid Yəhya Bakuvi bir filosof, müəllim, astroloq və  tarixçi kimi böyük şöhrət qazanmışdı. Xalq arasında “Dərviş türbəsi” adı ilə tanınan tikili XV əsrdə tikilmişdir.

Bakuvinin  türbəsinə bitişik  XIV əsrə aid  olan Key-Qubad məscid-mədrəsəsinin qalıqları günümüzə qədər gəlib çatmışdır.

Şirvanşahlar Türbəsi

XV əsrə aid Şirvanşahlar türbəsi ibadət həyətində yerləşir. Türbə həndəsi fiqurlu naxış vurulmuş daş günbəz örtüyü olan dördkünc binada ibarətdir. Türbənin portalı olduqca zəngindir. Giriş oyuğunun tağı üstündəki on iki guşəli medalyonda Əlinin adı 24 dəfə təkrar edilir. Portalın lap yuxarısında Qurani-Kərimdən Allahı mədh edən ayə verilmişdir. Bu müqəddəs türbəni Şirvanşah I Xəlillullah öz anası və oğlu üçün tikməyə əmr etmişdir.

Yaşayış binası

Yaşayış binası 52 otaqdan ibarətdir.  Bunlardan 27-si alt (1-ci) və 25-i isə üst (2ci) mərtəbədə yerləşmişdir. Son dərəcə mütanasib, sadə, uca və möhtəşəm portalın yeganə bəzəyin dərin divar batıqları və işiğı əks etməsi sayəsində yaranan rəng çalarlarından ibarətdir. Hazırda sarayın binasında muzey eskpozisiyası fəaliyyət göstərir.

Yaşayış binası XII əsrdə inşa edilmişdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *